Milli Basketbol Assosiasiyasında müntəzəm çempionatın oyunları davam edir. Şərq Konfransının lideri “Boston Seltiks”    “Toronto Reptors”un qonağı olub. İlk hissədə kanadalılar inamlı təsir bağışlasalar da, fasilədən sonra Boston basketbolçuları vəziyyəti xeyirlərinə dəyişərək 8-ci oyunda 7-ci qələbəni qazanıblar: “Toronto” – “Boston” 110:116 “Seltiks”in forvardı Ceyson Teytum 31 xal və 12 ribaundla fərqlənərək görüşün ən məhsuldar oyunçusu olub.

“Filadelfiya Seventi Siksers”in heyətində 14 oyunda zədəyə görə meydana çıxa bilməyən Ceyms Harden nəhayət ki, komandaya qayıdıb.  Amma Harden “Hyuston Rokets”lə səfər matçında komandasını məğlubiyyətdən xilas edə bilməyib. Hərçənd əsas vaxtın son saniyələrində Ceyms “Filadelfiya”ya qələbə də qazandıra bilərdi. Ancaq onun atışı dəqiq olmayıb. Qalib overtaymda müəyyənləşib. “Filadelfiya”nın heyətində Coel Embiid 39 xal və 7 ribaundla diqqət mərkəzinə düşsə də, “Hyuston”dan Ceylen Qrinin topladığı 27 xal nəticəyə birbaşa təsir göstərib: “Hyuston” – “Filadelfiya” 132:123.

Qərb Konfrasının lideri “Finiks Sanz” isə son 3 oyunda 2-ci dəfə uduzub.  Səfərdə “Dallas Maveriks”in qonağı olan Arizona klubu 33 xal toplayan Luka Donçiçin qarşısını ala bilməyib. Beləliklə Dallas basketbolçuları 111:130 hesabilə qələbə qazanıblar.